| Sabit Konular>>saytı yaxşı görmək üçün firefoxdan istifadə edin |
Bobi (Wednesday 2 March 2011-1), janim_vatanim (Wednesday 22 June 2011-1), memmed (Wednesday 2 March 2011-1), tarkan (Wednesday 22 June 2011-1), Ulya (Wednesday 2 March 2011-1), yurd sevan (Wednesday 2 March 2011-1)
AZƏRBAYCAN MƏDƏNİYYƏT ƏNƏNƏLƏRİ
Əziz yurddaşlar, hörmətli arxadaşlar!
Mövzumuz “Azərbaycan mədəniyyət ənənələri”dir. Bilirik ki, mövzumuz çox genişdir. Buraya, sözün həqiqi mənası ilə sadəcə mənəviyyat deyil, iqtisadiyyat, ictimaiyyət və siyasət kimi maddiyyat da girir. İstənilən nəticəyə tam vara bilmək üçün bütün bu sahələrə təmas etmək, əlbəttə, lazımdır. Fəqət biz bu konfransda mədəniyyətin sadəcə dini, fikri, hissi, ədəbi və bədii səhifələrini qeyd etməklə kifayətlənəcək, onu da təbii olaraq ümumi xətlər ilə və müəyyən bir dövrə qədər xülasə etməyə çalışacağıq. Etiraz etməzsiniz ki, bu mövzunu bütün əhatəliliyi ilə elə-belə anlada bilmək üçün bir deyil, bir neçə konfransa ehtiyac vardır: xüsusilə ki, Azərbaycan mədəniyyətinə aid materiallar hələ kafi dərəcədə işlənməmiş və bir sistem halına salınmamışdır. Bu iş, şübhəsiz, “Azərbaycan Kültür Dərnəyi”nin başlıca qayəsini təşkil etməlidir. Vaxtınızı alacaq bu məruzə yoldakı çalışmalara kiçicik olsun bir istiqamət verə bilərsə xoşdur!..
Bayanlar, bəylər!
Bütün mədəniyyətlər üç böyük amilin qarşılıqlı təsirlərindən doğarlar: coğrafi amil – vətən, etnoqrafi amil – millət və mənəvi amil – mədəniyyət!
Mədəniyyət ənənələrini anlatmaq üçün Azərbaycanın bu baxımdan bulunduğu durumunu bir quş baxışı ilə öncə bir gözdən keçirəlim.
Azərbaycan, tutduğu mövqe etibarilə Yaxın Şərqin çox əhəmiyyətli sahəsidir. Bir tərəfdən Kaspi dənizinə, o biri tərəfdəndə Böyük və Kiçik Qafqasiya dağları ilə Savalan ətəklərinə dayanan bu sahə Kür, Araz və Qızıl Üzən kimi böyük çayların bərəkətli hövzələrini təşkil edən düzənlikləri içinə alır. Məşhur qışlaq və yaylaqları ilə hər cür həyati imkanlara malik bulunan burası ekonomik birlik ərz edən coğrafi bir bütündür.
Böyük mühacirət yolları üzərində istilalar qovşağı və siyasi böyük qüvvətlərin quruluş və savaş meydanı olan Azərbaycanın tarixi daima bir mücadilə içində keçmiş, siyasi müqəddəratı da hərdəm yenilənən istilalara qarşı vuruşma və müdafiədə təyin olunmuşdur.
Bundan 3000 il əvvəl Midiya Yaxın Şərqin ən böyük dövlətlərindən biri idi. Güney Azərbaycanda qurulan bu dövlət əski Şərqin Asur, Babil və Farq kimi böyük xalqları ilə mücadilə halında idi. Sonra Kəyani İranının əlinə keçən bu yerlər, daha sonra Böyük İsgəndərin idarəsində makedoniyalıların, sonra da Selefkililər deyilən yunan sülalələrinin nüfuz və idarəsinə tabe olmuşdur. Kəyanilər sülaləsinin tarixi ənənələrini dirildən sonrakı Sasanilər də Azərbaycanı uzun zaman öz hakimiyyətləri altına almışlardır. Fəqət bu iki İran sülaləsi arasında, burada 400 illik uzun bir müddət Parfiyalılar hökm sürmüşlər ki, Firdovsi məşhur “Şahnamə”sində bu dövrü çöküş dövrü deyə ihmal etmiş və onu adətən İran tarixindən saymamışdır.
Böyük İsgəndərin Şərqdə qurduğu imperatorluq daxilində Güney Azərbaycan Atropaten adındakı bir sərdarın idarəsində müstəqil bir dövlət təşkil etmiş və Azərbaycan bugünkü adını ta o zamandan bəri daşıyaraq gəlmişdir. Quzey Azərbaycana gəlincə buradakı siyasi təşəkküllər uzun zaman özlərini qorumuş və Yaxın Şərqdəki böyük qüvvətlərə qarşı varlıqlarını isbat etmişlərdir. Bunlar arasında Albaniya adındakı federasyon, xüsusilə Roma imperatorluğuna qarşı müharibəsilə tarix səhifələrində qeyd olunmuşdur.
Albaniya uzun zaman bir tərəfdən Roma, digər tərəfdən də farslar arasında münaqişə mövzusu olmuş, sonra bu işi Sasanilərlə Bizanslılar ələ almış, daha sonra bir-birini ayaqdan salan bu iki rəqibə qarşı üstün gələn ərəblər davanı öz lehlərinə həll etmişlərdir.
Ərəb işğalına qədər müxtəlif mədəniyyət və dinlərin qarşılıqlı mücadilə və rəqabətlərinə səhnə olan Azərbaycan nə millət, nə də din baxımından tamamilə vahid bir mənzərəyə malik deyildi. Kəyani və Sasani İran məntəqəsi daxilində olması bura əhalisinin, sözün məlum mənasilə iranlı olduğunu ifadə etməz. Bir kərə midiyalıların, qismən ari olsalar da tamamilə iranlı olduqları məlum deyildir. Əksinə, əski Şərq tədqiqçilərindən bəziləri “Turan Midiyası”ndan bəhs edirlər. Sonra Asur-Babil mədəniyyətinə sələflik edən şumerlərin Turanlı olduqları məlumdur. Quzey Azərbaycandakı albanların turani olduqlarını isbat edənlər də mövcuddur. Sonra istər Kəyanilər, istərsə də Sasanilər zamanında Azərbaycana zaman-zaman türk ünsürlərinin bir axın halında gəldikləri məlumdur. Turanlı Parfiyalılar zamanında da burası zaman-zaman Türkistan çöllərindən gələn yardımçı qüvvətləri qəbul etmişdir. İskitlər, hunlar, göytürklər zamanında gələn Turani ünsürlərdən bir çoxu buralarda qalmışdır. Xəzər türkləri bəzən müstəqilən, bəzən də gah Sasanilərin, gah Bizanslıların müttəfiqləri sifətilə buralara enmiş və uzun zaman buralarda koloniyalar qurmuşlardır.
Belə ki, VII və VIII yüzillərdə göstərilən bütün müqavimətləri endikdən sonra buralara hakim olan müsəlman ərəblər zamanında Azərbaybaycan millət baxımından çox da yekcins bir kütlə halında deyildi. Əskidən bəri Turani və İrani qəbilələrin müxtəlif növü və cinslərinə malik olan bu yerlərə bir də ərəb cinsi əyləndi. Din baxımından da bu sıralarda Azərbaycan bir birliyə malik deyildi. Ərəblərdən əvvəl İranın başqa vilayətlərinə nisbətlə burası geri bir məmləkət idi. Nə ümumi bir dili, nə də müştərək bir dini yox idi.
Uzun zaman Azərbaycan müxtəlif dinlərin dartışmalarına meydan olmuşdur. Burada İranın məzdəkizmi, Yunanın ellinizmi, Bizansın xiristiyanlığı və nəhayət ərəb müsəlmanlığı çarpışmışlardır. Atəşpərəstlərin məşhur atəşgədələri Azərbaycanda bulunuyordu. Məzdəki peyğəmbəri Zərdüştün özü Muğanda doğulmuşdur. Sasanilər bu dini hökümət zorilə Qafqasiyaya gətirmişlərdir. İsgəndərin varisləri Selefkilər ellin mədəniyyətini buralara yaymışlar. Farslar da bu mədəniyyətə yaşxı gözlə baxmışlardır. Hələ VI yüzilə qədər Arran, yəni Albaniyada xristianlıq qalırdı. Mehranilər sülaləsi zamanında (628-705) Albaniyanın özünə məxsus patriarxı və katolikosu, kilsəlik dini ədəbiyyatı və məxsus yazısı vardı. Fəqət bu mədəniyyət mayası bir tərəfdən Sasanilər, bir tərəfdən də Xəzərlərin zərbələrinə uğradı. Güney Azərbaycanda isə atəşpərəstlik daha üstündü. Sonraları (IX yüzilliyin başlanğıcında) islamiyyət əleyhində mücadilə edən yerli Babəkiliyin bir qədər müvəffəqiyyəti vardı. Fəqət o da ümum tərəfindən tamamilə qəbul edilməmişdi. Saydığımız bu dinlərdən heç birinin məmləkətdə mütləq bir əhəmiyyəti yox idi. Yalnız ərəblər zamanındadır ki, Azərbaycan din və mədəniyyət birliyini əldə etmişdir.
Din və mədəniyyət birliyini müsəlmanlığın yerləşməsilə qazanan Azərbaycanın etnik birliyi və bugünkü şəkli ilə qələbəlik bir türk məmləkəti halına gəlişi sonraları tamamlanmış və bu gəlişimin ən sürətli seyri X yüzildən başlayaraq XIV yüzil arasında zühura gələn böyük hadisələr – Oğuz-Səlcuq türklərinin axını, sonra da Monqol istilaları nəticəsində vücudə gəlmişdir. Etnoqraflarca, “xalqlar inqilabı” dövrü deyə anılan bu illərdə, xüsusilə XIII və XIV yüzillərdə Azərbaycanın etnik çöhrəsi tamamilə türkləşmiş və o tarixdən bu günə qədər məmləkətin müqəddaratında türklüyünü azaldan deyil, əksinə getdikcə çoxaldan amillər rol oynamışlardır.
Belə ki, din ünsürü baxımından VIII yüzildən başlayaraq islam mədəniyyətinə girən Azərbaycan, etnik ünsür baxımından da XIII yüzildən etibarən tamamilə türk birliyinə daxil olmuşdur.
Ərəblərin idarəsində imtiyazlı vilayətlər, yarım müstəqil əmirliklər və nəhayət, müstəqil feodallıqlar halında idarə olunan Azərbaycan böyük türk sülalələri zamanında da ya bu sülalələrin başlıca idarə mərkəzlərini təşkil etmiş və ya bunların çöküşü üzərinə özünəməxsus müstəqil vilayətlər, Atabəyliklər və xanlıqlar şəklində yaşamışdır. Hələ Quzey Azərbaycandakı Şirvanşahlar min ildən artıq bir zaman müddətində istiqlallarını mühafizə etmişlərdir.
Siyasi istilalar qovşağında müxtəlif adət və mədəniyyətlərin çarpışdığı bir sahədə bulunan Azərbaycan həyatının şiddətli mücadilələr altında Azərbaycan topluluğu özündə qüvvətli xarakter sahibi mübariz insanlar yetişdirmişdir. Bu iddianın siyasi mücadilə ilə əsgərliyə aid dəlillərindən yana, sırf mədəniyyət tarixi bucağından görülən olaylarını diqqətlə izləsək digər misallarla qarşılaşarıq. Bir kərə türk dastanları qəhrəmanlıq və fədakarlıq misalları ilə doludur. Sonra buradakı dini və fəlsəfi hərəkatların qeyri-adi tiplər verdiyinə şahidik. Bu xüsusda artıq təfsilata girmədən bir-iki misal verməklə Azərbaycan ictimai fikrinin mətanət və dəliqanlılığına işarət etmək istərik. İrəlidə özündən ayrıca bəhs edəcəyimiz XIV yüzil şairi Nəsimi Azərbaycanda doğan hürufi təriqətinin ideoloqu və daisi idi. Özünü Hələbdə edam etdilər. Dərisini diri-diri soydular. Fəqət:
“Canını tərk eylə kim, bu yolda canan bulasan,
Hər ki, can verdi bu yolda, buldu ol cananəyi”
- beytinin canfəda şairi bu cəhənnəm əzabına bir ah demədən qatlandı və ölümü qeyri-adi bir igidliklə qarşıladı. Buna bənzər bir hadisəyə XIX yüzil ortalarında da rast gəlirik. Dini bir hərəkata mənsub olan qəhrəman bir qadın vardır. Adı – Qürrətül`eyn. Gözəlliyi ilə bərabər bilginliyi ilə də məşhur olan bu qadın Qəzvin qazısının qızı, azərbaycanlı bir türkdür. Tehranda Nəsrəddin şahın əmrilə özünü diri-diri yandırmaya məhkum etdilər. Ona “dinini tərk et, şah səni bağışlar” – dedilər. Fəqət o:
“Mən deməm ki, sən səməndər ol da, ya pərvanə ol,
Çünki yanmaq niyyətindir, dönmə dur, mərdanə ol!”
beytini söyləyərək yandı.
Bu iki tablo Azərbaycan xarakterinin nə qədər atəşli və nə qədər səbatlı və fədakar olduğunu göstərmək istedadındadır. Tarixin müxtəlif çağlarında biz bu xarakterin başqa cürə verimlərini də izləmək imkanındayıq.
* * *
Tarixi coğrafiya şərtlərinə görə Azərbaycan Şərqi islam mədəniyyəti qoluna daxildir. Burada o, sadə bir şey olmaqla qalmaz. Müsəlman mədəniyyətinin bütün səhifələrində onun oynadığı subyektiv rol da böyükdür.
Azərbaycan alimləri ilə şərhçilərinin adları ərəb müəllifləri tərəfindən qeyd olunmuşdur. Müqəddəsiyə görə azərbaycanlılar Hənbəli məzhəbinə mənsubdurlar və məzhəb təəssübündən uzaqdırlar. İbn Hövqalə görə münəvvər azərbaycanlılar sxolastik elmlərdən uzaq qalır, daha ziyadə təbiblik sahəsində gözə çarpan adamlar yetişdirirlərdi. Səlcuqlular zamanında və daha sonra Elxanlılar dövründə azərbaycanlı alimlərin islam elmlərinin hər sahəsində böyük xidmətləri olmuşdur. Məxsus surətdə təşkil olunmuş bir akademiya tərəfindən böyük Türk-Monqol və ümumdünya tarixi yazılmışdır. İlk dəniz xəritəsindən biri Təbrizdə Arqun xan zamanında cızılmışdır. XIII yüzildə Genuyalılar tərəfindən yapılan coğrafiya xəritəsi Elxanlıların sarayında, Marağa rəsədxanasında çalışan şərq alimlərinin bilgilərinə dayanmaqdadır. Marağa rəsədxanasının əsərləri Qərb məmləkətlərinə də əks etmişdir. “Elxan nüsbəxəndliyi” adındakı təbibliyə aid əsər çincədən tərcümə edilmişdir. Elxanlı vəziri Rəşidəddinin fəlsəfi əsəri Bizans paytaxtı İstanbulda rumcaya çevrilmişdir.
Ərəb və ya fars elminin sırasına keçmiş məşhur azərbaycanlıların adlarını burada tamamilə vermək imkanında deyilik. Yalnız irəli sürülən iddianı sənədləşdirmək üçün bunlardan bir qismini zikr etməklə kifayətlənəcəyik.
Təbrizli Xətib, ərəb filoloqları arasında görkəmli bir yer tutmaqdadır. Klassik ərəb ədəbiyyatına aid abidələri təfsir edən əsərlərilə məşhurdur. X yüzildə yaşamışdır. Məşhur Əbül-Üla əl-Məərinin şagirdidir. Hal tərcüməsinə aid məlumatda dilinin “azərbaycanca” olduğu qeyd edilmişdir. Əsərləri Avropalılarca məlumdur.
Əbül-Həsən Bəhmənyar. XI yüzil başlarında yaşayan bu adam ilk müəllim deyə məşhur olan müsəlman filosofu Əbu Əli Sinanın şagirdi və onun məktəbini davam etdirən bir filosofdur. Əsərləri Avropa dillərinə də tərcümə edilmişdir.
Fəridəddin, XII yüzildə yaşamış Şirvanlı bir münəccimdir. 30 illik çətin bir çalışmanın məhsulu olaraq özündən sonrakı nəsillərə məşhur bir zic (astronomiya traktatı) buraxmışdır.
Əbdürrəşid, XIV yüzilə aid Bakılı bir coğrafiyaçıdır. Bizə “Təlxisül-asar fi əcayibül-əqtar” adında bir əsər buraxmışdır ki, Avropalı yazarlar tərəfindən sıx-sıx istifadə olunmaqdadır.
Əbdülqadir, Marağalıdır. XIV yüzil kompozitorudur. Musiqi haqqında yazdığı məşhur əsərilə tanınmışdır. Avropada da bəllidir.
Memarlıq, nəqqaşlıq və xəttatlıq sahələrindəki azərbaybaycanlı ustaları Təbriz, Ərdəbil, Naxçıvan və Bakıda hələ baqi qalan bədii yüksək dəyərli tarixi tikililərin qalıntılarıyla tanımaq mümkündür. Təbrizdəki Göy Məscid (XIII yüz il) memari gözəllik baxımından bütün mütəxəssislər tərəfindən qeyd olunan bir dəyər və şöhrətə malikdir. Ərdəbildəki Şeyx Səfi məqbərəsi dillərdə söylənir. Azərbaycan Atabəyləri tərəfindən tikdirilmiş Naxçıvandakı Möminə Xatun türbəsi (XII yüzil) yüksək dəyərdə bir abidədir. Şirvanşahlar zamanından qalma (XIV yüzil) Bakıdakı binalar xüsusilə əhəmiyyətlidir. Bu binaların gözəl bir albomunu vücuda gətirən azərbaycanlı iki gənc memar bunların topuna “Bakı Akropolu” adını vermişlərdir. Başda məşhur Divanxana binası olmaq üzrə Bakı Akropolu bütün islam dünyasında müstəsna bir gözəlliyə malikdir. Hələ XVI yüzil Avropa səyyahlarının heyrətini cəlb edən Divanxana üçün alman şairi Göthenin məşhur bir təbiriylə “daşa dönmüş musiqi” demişlərdir.
XIV yüzil şairi Ərdəbilli Arif bizə Şirvandakı memari abidələrin mənzum bir təsvirini verməkdədir. Bu təsvirə görə gözlərimizin önündə çiçəklənmiş bağçalara çevrilmiş, gözəl statülərindən sular fışqıran bir Şah parkı tikilməkdədir. Düşünmək olar ki, orta çağ dövründə bizim bir növü “Azərbaycan Versalımız” varmış (Versalın Parisin yaxınında əski fransız krallarının yaşadıqları gözəlliyi və fantanlarıyla məşhur bir saray olduğu məlumdur).
Xəttalığa gəlincə, azərbaycanlı ustalar təkcə Təbrizdə deyil, Herat və Hindistanın bina və saraylarını da bəzəmişlərdir. Aqradakı Böyük Əkbərin sarayını bəzəyən sənətkarlar arasında azərbaybaycanlılar da vardır. Çaldıranda Şah İsmayıla qələbə çaldıqdan sonra Sultan Səlim Azərbaycandan İstanbula 3000-ə qədər sənətkar gətirmişdir. Bursada gözəl çinilərilə məşhur olan Yaşıl Cami Təbrizli ustalar tərəfindən tikilmişdir.
Azərbaycanlılar Yaxın Şərqdəki nəqqaşlıq sənətinin irəliləməsində böyük rol oynamışlardır. Qərbdə Şərqin Rəfaeli adı ilə məşhur İran miniatürçüsü Kəmaləddin Bəhzad Təbrizli Seyid Əhmədin şagirdidir. Bu Seyid Əhməd İranlı Əbu Səidin sarayında çalışan məşhur Azərbaycan rəssamlarının sırasına daxildir. Timurlulardan Hüseyn Baykaranın zamanında Herata gəlmiş və Timurlular dövrü miniatürçülüyünü yapanlardan biri olmuşdur. Gözəl miniatürləri ilə əski yazmaları, xüsusilə böyük Nizaminin “Xəmsə”sini bəzəyən azərbaycanlı Ağamirək də bu məktəbə mənsubdur.
Nəqqaşlıq, rəssamlıq və xəttatlıq sənətlərinin müxtəlif etaplarında ad alan azərbaycanlıları burada birər-birər zikr etmək imkan xaricindədir. Bu qədərcik qeyd edim ki, “Elxanlılar zamanında, öncə çinlilərlə uyğurların əlində bulunan bu iş sonra tamamilə azərbaycanlılara keçmişdir. Şah İsmayıl (Xətai) zamanında Səfəvi sarayının yanında məşhur Təbriz məktəbi təsis olunmuşdur. Böyük rəssam Behzad Heratdan buraya dönərək, bu məktəbə başçılıq etmişdir. Behzad bu dövrdə xüsusilə böyük Azərbaycan şairi Nizaminin əsərlərini bəzəməklə məşğul olmuşdur.
Bədii sənət Azərbaycandakı əl işlərində də görülməkdədir. Məsələn, Azərbaycan xalılarının naxışları bütün dünyada məlumdur. Bu gözəl xalçalardan biri XV yüzil Holland rəssamı Hans Memlinqin boyadığı “Çocuğu ilə Məryəm” (Maria mit den kinde) tablosunda təsbit olunmuşdur. Sənətkar Məryəmin ayağı altına Azərbaybaycan xalçalarından birini sərmişdir.
Mücərrəd elmlərlə incəsənət sahələrindən keçərək mənəvi, ruhi və fəlsəfi düşünüş sahəsinə gəlincə də Azərbaycanın özünəməxsus mühüm bir mövqedə olduğunu görürük. Müsəlman fəlsəfəsində Sufizmin müəyyən bir yeri olduğunu bilirik. Sufiliyin ən böyük şairi Cəlaləddin Ruminin əfsanəvi qəhrəmanı Şəms Təbrizlidir. Sufizmin klassik sirlərini anladan “Gülşəni-raz” əsərinin sahibi Mahmud Şəbüstəri də azərbaycanlıdır. Yuxarıda adı keçən məşhur Sufi hərəkatı hürufiliyin banisi Şeyx Fəzlullah Nəimi də buralıdır.
İranın məşhur moralist şairi Sədi öz “Bustan”ında Baba Kuhi inamlarının ilk formullarını verən bir adamdır. Bakıda doğulmuşdur. Sədi eyni zamanda söhbətlərindən feyz aldığı Təbrizli Şeyx Hümamdan da qədirşünas bir dillə bəhs etmişdir.
Ədəbiyyata gəlincə Azərbaycan daha böyük bir önəmdədir. Azərbaycanın ümumi türk ədəbiyyatındakı iştirakını müəyyən etmədən öncə İran ədəbiyyatındakı rolu üzərində bir az duralım. Bunu qeyd etməyi də unutmayaq ki, X yüzildən XIII yüzilə qədər Yaxın Şərqin bütün məmləkətlərində ümumi idarə və ədəbiyyat dili farsca idi. Fars olmayan müəlliflər belə əsərlərini bu dildə yazarlardı.
Səlcuqlar dövründə hökümət və səltənət türklərdə ikən İran mədəniyyətinin yenidən doğuşu, fars dili və ədəbiyyatının doğuşu şəklində müəyyənləşdi. Klassik İran ədəbiyyatı 1000 ildən bəri İranda hökümət sürən türk sülalələrin himayəsini görərək parladı. Azərbaycan Atabəylərindən Eldənizlilər ilə Şirvanşahlar da XII yüzildə bu ədəbiyyata qarşı göstərdikləri yüksək himayə ilə məşhurdurlar. Fransız şərqşünası Darmsteter Şirvan sarayını ədəbiyyata verdiyi qiymət baxımından Qəznəli Sultan Mahmudun sarayı ilə müqayisə edir. Müqayisənin nəyi ifadə etdiyini bəyənə bilməmiz üçün buna da işarət edək ki, Qəznə sarayında 400 qeydə alınmış şair vardı və bunların başında Məlik-üş-şüəra adını daşıyan bir növ rəis vardı. Onun icazəsi olmadan heç bir şair, özü də şair olan Sultan Mahmudun hüzuruna çıxamazdı.
Başda Nizami olmaq üzrə Azərbaycan, İran ədəbiyyatına Xaqani, Fələki, Əbül-Üla və başqaları kimi bir sıra böyük şairlər vermişdir.
Gəncəli Nizami, məşhur alman şairi Göthenin özləri ilə boy ölçüşməyə cəsarət etmədiyi yeddi İran şairlərindən biridir. Firdovsidən sonra yeni İran ədəbiyyatının ikinci ən böyük ustadı olub Şərqin romantik eposunu yazan Nizami dünya ədəbiyyatının şah əsərlərini yaradan şəxsiyyətlər arasında müstəsna bir yer tutur. O, aləmşümül bir qüvvət olmaqla bərabər, hər böyük sənətkar kimi öz mühiti ilə səmimi bağlarla bağlıdır. O, Firdovsi tipində bir fars milliyyətçiliyinə yabançıdır. Mövzuları və təfəkkürləri etibarilə bir türkdür. O, bütün yaxşılıqları, qüvvət və dəyərləri daima türk məcaz və istiarəsilə zikr edər. Ədalətli dövlət idealı onun nəzərində Türk dövlətidir. Qəhrəmanı olan ixtiyar bir qadın polisin zülmünə uğramış, Sultan Səncərə şikayət edir və deyir ki:
Türklərin çün yüksəldi dövlətləri,
Ədalətlə süsləndi həp elləri.
Madam ki, sən zülmə amil olursan,
Bir türk deyil, çapoulçu bir hindusan!
Nizami, Qafqasiyanın bütün ehtiyac və qayğılarını dərindən duyar, Bərdəni qarət edən, əfsanəvi kraliçası Nüşabəni əsir aparan rusları görməyə gözü yoxdur. İdealizə etdiyi qəhrəmanı İsgəndəri şair Qafqasiya uğrunda hərbə “bütün Yaxın Şərqi qorxudan təhlükəni” atlatmaya və yer üzünü “Rus şərindən” təmizləməyə sövq edir. O, bütün düşüncələri ilə bir türk, bir azərbaycanlıdır. Rus vəhşətini:
Bunlar demiş, şəhər yıxar, yaxarlar,
Dünyanın tortusu alçaqlar, xamlar,
Qurd kibi yırtıcı, vəhşi və xunxar,
Comərdlikdən aciz, qancıl və qəddar,
Adamlıq bəkləməz bir kimsə rusdan,
Ki, bənzər insana yalnız baxışdan!
- beytləri ilə ifadə edir.
Nizami ilə bərabər Şirvan sarayının baş şairi Xaqani də Azərbaycanın farsca yazan şairlərindəndir. Xanıkov onun yaradıcılıq qüvvətini fransız şairi Viktor Hüqo ilə müqayisə edir. Şirvan şahı Əxsitanın ruslar üzərinə çaldığı zəfər (XII yüzil) onun parlaq bir qəsidəsində təsbit olunmuşdur. Onun da dili farscadır. Fəqət, türkcə sözləri, məzmunlu beytləri var. Bunlardan birisini misal üçün burada qeyd edək:
Ku şəh Toğan-i cud ki mən bəhr-i ətməki,
Pişeş zəban be göftən-i sən-sən dər avərəm![Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
* * *
Klassik türk ədəbiyyatının doğulduğu dövrdə Azərbaycan yenidən öz ənənələri ilə mütənasib böyük bir mədəniyyət istedadı göstərir. Bu istedad Azərbaycanın qüvvətli bir xalq ədəbiyyatına malik olması ilə ahəngdədir. Əski türk dastanlarının məşhur sözcüsü Dədə Qorqud Azərbaycanda keçən qəhrəmanlıqları anladır. Bu hekayələrdəki dil belə bugünkü Azəri türkcəsinin demək olar ki, eynidir.
Müxtəlif türk ləhcələri arasında Azərbaycanın etinalı bir yerə malik olduğu da qeydə dəyər. Aşıq adını daşıyan səyyar xalq xanəndələri tərəfindən “Koroğlu”, “Şah İsmayıl”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və başqa bu kimi dastanların saz çalğıları ilə bərabər söylənişlərində Azərbaycana məxsus bir xüsusiyyət vardır. Məlik Məhəmməd növündən pəhlivanlara aid nağıllar Azərbaycan xalqı arasında çox sevilir. Bu dastanlar ilə nağıllardakı mövzu isə zəifləri qorumaq, başqasına yardımda bulunmaq, nəfsini fəda etmək, sevgiliyə qarşı vəfalı olmaq, dostluqda sadiq qalmaq, arxadaşlıqda səbat göstərmək və qocalıqda qorxu bilməmək kimi digər anlamlardır. Azərbaycan xalq mahnılarından olan “Bayatılar”, üslublarındakı rəvanlıq, fikirlərindəki uçuş və hisslərindəki incəliklərlə ayrılırlar. İldırım, məsələn, “kişnəyən ata”, yağmur da “ağlayan buluda” bənzər. Bunların ikisi də “dağ ətəyində ölən bir igid” üçün təəssür duyarlar.
Bu dağlar ulu dağlar,
Bu qarlı, sulu dağlar
Burda bir igid ölmüş,
Göy kişnər, bulud ağlar!
Klassik Azərbaycan türk ədəbiyyatının ilk abidələri bizə hələ XIII yüzildən məlumdur. Bu hərəkat getdikcə tərəqqi edir, Qaraqoyunlularla Ağqoyunlular dövründə irəliləyir, ən parlaq dövrünü isə XIV yüzilin sonları ilə XVI yüzil başlarında bulur. İllərdən bəri çevrələrindəki xalq kütlələri üzərində, bütün türk ellərindəki dədələr kimi dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl şiə dövlətini qurmaq üzrə hərəkətə keçir. Avropalılarca xalis bir İran sülaləsi sayılan Səfəvi dövlətinin bu müəssisəsi isə həqiqətdə bir türk sufisi və azərbaycanlı bir şairdi. İstinad etdiyi qüvvət də tamamilə türk qüvvəti idi. Şiə-məzhəb türkmən qəbilələri, bu qüvvətin kökünü təşkil edirdi. Onun sadə bir türkcə ilə yazılan ilahiləri rəsmi hüdudların çox irəlilərində belə türk topluluqlarının ruhları üzərində müəssir olurdu. Şah İsmayılın sarayı Azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdu. Şeirdə Xətai təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə, məsələn belə yazırdı:
İçmişəm bir dolu olmuşam seyik
Düşmüşəm dağlara olmuşam gəzik,
Sənə deyirəm, sənə sürməli keyik,
Qaçma məndən, qaçma, ovçu deyiləm!
Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi İranın Osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları notalar farsca idi.
Rəsmi Türk dövlətlərində misalı yox ikən, çevrəsindəki türkdilli şairlər Şah İsmayıla “Türki-tacdar” deyə xitab edirlərdi. İştə Tüfeyli adında hürufi bir şairin ona yazdığı xitabdan bir parça:
Qovsalar eldən, ulusdan qövm ilə qardaşlar,
Dostlar düşmən olubən min atarsa daşlar,
Haqq bilir, budur sözüm, gər yüz gedərsə başlar
Qılmazam, vallahi Türki-tacdarın tərkini!
Bu dövrdəki şairlər yalnız “Taclı türk”ə deyil, onun da xitab etdiyi əsil türk kütləsinə müvəffəqiyyətlə xitab edə bilmək üçün türkcə yazırlardı. İdarələrini yürütmək üçün içindən yetişdikləri mühitin zövqünə uyaraq onun ağıl və vicdanına qolay bir yol bula bilmək üçün özü ilə türkcə danışırlardı. Sonralar İran ideolojisi – deyə bəllənən şiəlik bu xüsusda özlərinə mane olmurlardı. Əksinə, bu, onların türkçülüyünü gərəkləndirirdi. Türk ədəbiyyatının parlaq günəşi Füzuli bu dövrün böyük sənətkarıdır. Sadəcə Azərbaycan deyil, bütün türk mədəniyyətinin bu böyük işıldağı məşhur “Bəngü-badə”sini şəxsən Şah İsmayıla ithaf etmişdir. Füzuli türkçülüyünün məşhurluq vəsiqəsi “Divan” dibaçəsi ilə “Leyli və Məcnun” müqəddəməsindən məlumunuz olsa gərəkdir. “Rumlu dostlarının” tövsiyyəsi üzərinə Leyli və Məcnun hekayəsini gözəl bir türkcə ilə yaradan şairin həsbi-halını bilirik:
Ol səbəbdən farisi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur,
Məndə tövfiq olsa bu düşvarı asan eylərəm,
Növbahar olcaq tikəndən bərgi-gül izhar olur!
- deyən şairin çətini qolaylaşdırdığı məlumdur. Fəqət Füzuli türkçülüyünün ən böyük vəsiqəsi geniş türk oxuyucu təbəqələrinə, xüsusilə qərb türklərinə bu günə qədər adətən qapalı qalmışdır. Ona gərəkən diqqət və əhəmiyyət verilməmişdir. Bu xüsusda bir az məlumat verirsək, bunu pək də mövzu xaricində saymazsınız deyə umarım.
Şiə ədəbiyyatında “Məqtəl” deyilən ədəbi bir şəkil vardır. Burada məşhur Kərbəla faciəsi, Peyğəmbərin nəvəsi İmam Hüseyn ilə yar və yaxınlarının öldürüldükləri, məxsus təbirilə qətl edildikləri dini bir hiss və həyəcanla təsvir olunur və Kərbəla şəhidlərinə ağlanır. Əskidən “Rövzətüş-şühəda” deyə farsca bir “Məqtəl” məşhurdu. Füzuli buna bənzədərək “Hədiqətüs-süəda” adında türkcə bir məqtəl yazmışdı. Əsasında mənsur olan bu kitabın müqəddəməsində, şair bu əsəri neçin yazdığını bizə anladır. Füzuli deyir ki, (şivəsini bugünkü danışıq dilimizə bir az yaxınlaşdıraraq nəql edirik): “Bu zamana qədər bütün məclis və yığıncaqlarda Kərbəla hadisəsi ilə orada şəhid düşənlərin başlarına gələnlər farsca və ərəbcə anladıldığından ərəblərin əşrəfi ilə əcəmlərin başbilənləri ancaq bunlardan faydalanır, türklərin əizzəsi (yəni böyükləri) ki, dünya tərkibi ilə insan növünün ən böyük cüzidirlər (eynən: Cüzi əzəmi-tərkibi-aləm və sinfi-növi bəni-adəm), kitabların artıq bir yarpağı kimi bu məclislər sırasında dişarda və həqiqətlərin dərkindən məhrum qalırlardı. Bunun üçün Ali-Əba (yəni peyğəmbər ailəsi) matəminin lüzumu zəbani-hal ilə “mən xakisarə” çıxışdı və yaxamdan tutaraq dedi ki, “Ey Kərbəla şahının (yəni İmam Hüseynin) süfrəsindən bəslənən Füzuli, nə olur bir fərz icad edəsən və türkcə bir məqtəl (məqtəli-türki) yazasan, ta ki, türk dilli fəsihlər də onu dinləyərək faydalansınlar və bu xüsusda artıq ərəbcə ilə əcəmicəyə möhtac olmasınlar”.
Türkləri ehtiyacda buraxmamaq qayğısı ilə qələmə sarılan şair “Hədiqətüs-süəda”nı yazmağa başlamış və aşağıdakı parça ilə tanrıdan özünə müvəffəqiyyət diləmişdir:
Ey feyzrəsani-ərəbü türkü əcəm,
Qıldın ərəbi əfsəhi-əhli-aləm.
Etdin füsəhayi-əcəmi İsa-dəm,
Mən türkzəbandan iltifat eyləmə kəm!
Bu dövr şairlərindən Nişati daha eyni mövzudakı “Şəhadətnaməsi”ni eyni motivlə yazmışdır. Türk böyükləri ilə fəsihlərinə xitab edən Füzuliyə müqabil Nişati bu əsərini qəbilə və tayfa adamlarını nəzərə alaraq yazmışdır. Bunu “Şəhadətnamə”nin müqəddəməsindəki bu sətirlərdən öyrənirik: “Bəndən-xaksar... Nişati bu kitabı (yəni Rövzətüş-Şühədanı) fars dilindən türkcəyə döndərdim (yəni çevirdim) ki, bütün türk oymaqlarının müstəidləri mundan (bundan) fayda götürsünlər”.
Məzhəb ilə təriqətin burada ədəbi türkçülüyə amil olduğunu görürük. Kütlə ilə fikir təmasına gəlmək eyhiyacından ədəbiyyat məhəlliləşir, başqa təbirlə milliləşir.
Mövzudan uzaqlaşmayaq: Atəşli Hürufi Nəsimi ilə Şərqin ən böyük liriki Füzuli yalnız Azərbaycan deyil, türkcə oxuyan bütün dünyanı həyəcanlandırır. Şərqi yaxşı bilən Avropalılar Füzulinin lirizminə heyrandırlar. İngilis şərqşünaslarından, türk ədəbiyyatının tarixçisi, mərhum Mister Gibbə görə duyuşlarının səmimiliyi ilə ifadələrindəki şairanə şəkil baxımından bütün şərqdə Füzulinin ikinci bir tayı yoxdur. “Leyli və Məcnun” şərqşünas və ədəbiyyatçı A.Krımskiyə görə “yaradıcılığın incisidir”. Ustad M.F.Köprülünün təbirincə, ən böyük türk şairi sayıla biləcək müstəsna bir şəxsiyyətdir. Azərbaycan ədəbiyyatı XIX yüzilin başlarına qədər Füzulinin tamamilə təsiri altında qalmışdır. Onun külliyyatı indi də hər azərbaycanlının masası üstündə duran bir kitabdır. Şairin ayrı-ayrı beytləri birər aforizm halında, xalq ağzında dolaşır.
XVII və XVIII yüzillərdə Azərbaycanın həyatı qarğaşalıqlar içində keçir. Məmləkətdə siyasi sabitləşmə yoxdur. Hər tərəfdə dərəbəylik və zorakılıq hakimdir. Bunun üçün də mədəniyyət həyatı böhran keçirir, ədəbi fəaliyyəti durğunlaşır. Gərçi yuxarıda münasibətlə qeyd etdiyimiz xalq dastanları bu dövrlərdə rəvac bulmuş və geniş xalq arasına yayılmışdır. Koroğlunun xalq qəhrəmanlığını oxşayan şeirləri də bu dövrün məhsulu və ifadəsidir. Bu şərtlər daxilində bədii ədəbiyyat çox da sönmür, Şərqi Qafqasiyada təşəkkül edən xanlıqlarda Azərbaycan ədəbiyyatının özünə məxsus bir janrı vücudə gəlir, ağır da olsa bu ədəbi varlıq irəliləyir. Bu janrın milli dəyəri yalnız bizim günlərimizdə qiymətləndirilməyə başlayır. Heca vəznilə yazılan bu janrın ən böyük nümayəndəsi Qarabağ xanının talesiz vəziri, XVIII yüzil şairi Molla Pənah Vaqifdir. Vaqifin mövzu etibarilə dünyəvi və həyati olan şeirləri əsas etibarilə sadə və səlisdir. Onun yaradıcılığı ilə xalq ədəbiyyatının səmimi dastan janrı və dili arasında çox böyük bir yaxınlıq vardır. Məcazi təsəvvür eşqini deyil, təbii insan eşqini Vaqif çox böyük bir qüdrət və məharətlə təsvir etmişdir. Vaqifin elm və fəzilətinə qiymət verən çağdaşları onun üçün “hər oxuyan Molla Pənah olmaz” demişlərdir. Klassik ədəbiyyat tənqidçilərindən bir qismi də Vaqifi XVIII yüzil türk ədəbiyyatının ən parlaq bir nümayəndəsi olaraq qəbul edirlər. Şairin tarixi şəxsiyyəti son zamanlarda şöhrət qazanan Səməd Vurğunun “Vaqif” adındakı mənzum dramına mövzu olmuşdur.
* * *
XIX yüzil başlarında Azərbaycanın siyasi müqəddaratında radikal dəyişikliklər olur. Çarlıq Qafqasiyaya enmiş bulunur. Bu hadisə Azərbaycana yeni imkanlar gətirir. Azərbaycan cəmiyyəti Rusiyanın əyri aynasında olsa da Qafqasiyaya əks edən XVIII yüzilin aydınladıcı fikirlərilə təmasa gəlir. Həyatın əski qurumu ciddi bir tənqidə uğrayır və mövcud dünyagörüşünə aid fikir və əqidələr başdan-ayağa təftiş edilməyə başlayır. Bu şərtlər altında Azərbaycanda Avropa tərzində yeni bir ədəbiyyat yaradılır. Bu məktəbin ən böyük ustadı isə Mirzə Fətəli Axundzadədir. Onun simasında biz Azərbaycan rasionalist ədəbiyyatının böyük banisinə malikik. Klassik ədəbiyyatımız üçün Füzuli nə isə, çağdaş ədəbiyyatımız üçün də Mirzə Fətəli odur. Müsəlman dünyasının bu ilk dramaturquna Avropalı tənqidçilər Şərqin Molyeri, ruslar da Qoqolu deyirlər. Mirzə Fətəlinin pyesləri sadə xalq dilində yazılmışdır. Tiplər həyatın ta özündən alınmışdır. Burada orta çağ feodal cəmiyyətinin çürüməsi, adətlərin geriliyi, çürüklüyü, alim görünənlərin boşboğazlığı və qara cəhalətin mövhumat və təəssüblə bağdaş olması canlı surətdə təsvir və amansızca tənqid olunur. Mirzənin bütün tənqidləri XVIII yüzilin aydınladıcı fikirlərilə canlanmaqdadır. Mirzənin komediyaları Avropanın üç böyük dilinə tərcümə edildiyi kimi, rusca ilə fransızcaya daha çevrilmişdir.
Mirzə Fətəli eyni zamanda böyük bir reformatordur. Ərəb əlifbasının dəyişdirilməsi fikrini ilk dəfə o, meydana atmışdır. Bu məqsədlə o, İstanbula səyahət etmiş, İrana da müraciətdə bulunmuşdur.
Mirzə Fətəlinin talantlı varisləri onun başladığı böyük işi müvəffəqqiyyətlə yürütmüşlərdir. Özündən sonra Azərbaycanın ikinci dram yazarı Nəcəf bəy Vəzirlidir. Onun “Müsibəti-Fəxrəddin” adındakı dramı məşhurdur. Bu dramda Nəcəf bəy Avropa mədəniyyətinə təmas etmiş azərbaycanlı bir ziyalının özü öz yurdundakı orta çağ şərtləri içində düşdüyü təzadın faciəsi anladılır. Fəqət Azərbaycan dramının ən yetişmiş əsərlərini bizə Əbdürrəhim bəy Haqverdili verir. Nöqsansız ədəbi azəricə yazılan “Dağılan tifaq” pyesi qüvvətli, orjinal və əxlaqi bir əsərdir. Məişəti təsvir edən bir çox əsərlərdən başqa Əbdürrəhim bəyin tarixi dramları da vardır.
Mirzə Fətəli məktəbinin bu iki böyük nümayəndələrindən başqa bir sıra dramaturqlar daha vardır ki, bunların ayrı-ayrı xarakteristikalarını verməyə vaxt müsaid deyildir. Fəqət bu qədər qeyd edim ki, 1905-ə qədər sürən bu dövrdə Azərbaycan ədəbiyyatının inkişafı yalnız Mirzə Fətəli məktəbinin təsiri altında irəliləyir. Teatronun, şeirin, hekayənin və qəzetçiliyin bu dövrdə yeganə məqsədi xalqa ümuminsan fikrinin irəliləməsinə ayaq uydurmaq gərəkliyini anlatmaq olmuşdur. Məqsədə çatmaq yollarını göstərməkdə çox da aydın olmayan bu dövr ədəbiyyatı mövcud durumu tənqid etmək hissində qüvvətli, kəskin və parlaqdı. Bu tənqid “Molla Nəsrəddin” yumor məcmuəsinin talantlı müdiri Cəlil Məmmədquluzadənin vaxtilə ortalığı vəlvələyə vermiş “Ölülər” pyesi Azərbaycan tənqidçi ədəbiyyatının şah əsəridir. Burada yazıçı özünəməxsus sərt bir ifadə ilə orta çağ dövrünün bütün yalan, cəlalət, riya və əksliyini açıb ortaya tökür. Avam xalqın cəhalətindən öz xəsis mənfəətləri, tamah və şəhvətləri üçün istifadə edən geri qalmış mollalarla, şeyx adını daşıyan şarlatanların fırıldaqlarını ifşa və biabır edir.
Azərbaycan qəzetçiliyin binası da bu dövrdə atılmışdır. Hələ 1875-də Mirzə Fətəlinin izi ilə gedənlərdən Zərdablı Həsən bəy tərəfindən Rusiya müsəlmanları arasında ilk dəfə olaraq Bakıda “Əkinçi” adında bir qəzetə təsis olunmuşdur. Bu qəzetə senzor şərtləri üzündən çox qısa ömürlü olmuşsa da, milli hərəkat tarixində silinməz izlər buraxmışdır. Bu qəzetədə indi adını çəkdiyimiz Nəcəf bəylə bərabər şair Seyid Əzim Şirvani şəkil etibarilə hər nə qədər klassik Füzuli məktəbini izləyirdisə də, məzmun baxımından çox kərə çağdaş fikirlər bəyan edirdi. “Əkinçi” müdirinin “yaşamaq qovğasında məğlub olmaq istəmirlərsə, qonşulardan və mədəni millətlərdən geri qalmamalıdırlar” – deyə “müsəlmanlara” yapdığı tövsiyyəni şair oğluna yazdığı vəsiyyət şəklində ifadə edirdi.
1905 inqilabı dövrü Azərbaycan üçün yeni şərtlər yaradırdı. Bu şərtlər sayəsində Azərbaycan cəmiyyətçiliyi yeni gəlişmələrə imkan bulurdu. İnqilab nəticəsində əldə edilən nisbi hürriyyət sayəsində məmləkətdəki milli-ictimai qüvvətlər surətlə irəliləyirlərdi. Burjuaziyanın öndə gedən qismi mədəni-ictimai işlərlə ilgilənir, maarif və xeyirsevənlər dərnəkləri qurulurdu. Bu dərnəklərin əlində mühümcə sərmayələr vardı. Bunlar başda Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və Murtuza Muxtarov kimi tüccar və sənaye adamları olmaq üzrə azərbaycanlı zənginlər tərəfindən verilən paralardan ibarətdir. Bakıda xüsusi şəxslərin parası ilə yapılmış ümumi binalar vardı. Tağıyev Dram Teatrosu, Birinci Müsəlman qadın seminariyasının binası, Müsəlman Cəmiyyəti-Xeyriyyəsinə məxsus “İsmailiyyə” sarayı, Müsəlman erkək çocuqlarına məxsus “Səadət” məktəbi binası bu qəbildəndir. Bunlardan başqa bir çox camilər, məscidlər və xeyir müəssisələri daha bina edilmişdi. Bakıda Cəmiyyəti-Xeyriyə, Nəşri-Maarif Cəmiyyəti və digər maarif və dram cəmiyyətləri, Gəncədə də Mədrəseyi-Ruhaniyyə ilə Dram Cəmiyyəti fəaliyyətdə idilər. Xüsusi şəxslər və ictimai müəssisələr tərəfindən verilən ianələrlə Rusiyaya və Avropanın yüksək məktəblərinə tələbə göndərilirdi. Ümumi konqreslər toplanır, bu konqreslərdə mədəniyyət, milli tərbiyə və milli birlik məsələləri görüşülürdü. Bunlardan birində hələ vaxtilə Nadir şahın ortaya qoyub müvəffəq olmadığı şiə-sünnü ixtilafının meydandan qaldırılması müzakirə edilmiş və müsbət bir nəticəyə varılmışdır.
Bu dövrdə ədəbiyyat, teatro, musiqi, mətbuat və ümumxalq təlim-tərbiyəsi sahəsində böyük irəliləmələr qeyd olunur. Hərəkat artıq müəyyən əməli bir yola girir. Millətin siyasi oyanışı hiss olunur. Müxtəlif siyasi qruplar və bir dərəcəyə qədər siyasi konspirasyon həyatı vücuda gəlir. 1905-də təsis olunan “Həyat”, “İrşad” kimi gündəlik qəzetələr və digər mövcud dərgilər yeni dövrün ələmdarlığını yapırlar. Bu dövrün ən ötgün qəzetəçisi mərhum Ağaoğlu Əhməd bəydir.
Talantlı şair və mühərrirlər arasında bir az əvvəl qeyd etdiyimiz “Molla Nəsrəddin” məcmüəsində “Hop-hop” uydurma adilə yazan yumorist Sabirin ulduzu parlayır. Bu şairin “Hop-homnamə” ünvanı altında nəşr olunan şeirləri qısa bir zaman içində hər azərbaycanlının sevə-sevə oxuduğu bir kitab halına gəlir. Onu sadə şeirlərdə, burjuaziyanın zəngin evlərində kiçik əsnaf və alış-verişçilərinin ailələrində və işçi məskənlərində deyil, kəndlərdə, mədəniyyət həyatından uzaqda qalan daxmalarda belə oxuyurlar. Füzulidən sonra Sabir Azərbaycanın ümum tərəfindən mənimsənmiş ikinci şairidir. Sadə bir dil, oynaq bir üslub və dərin bir mənaya malik olan Sabirin yumoru çağındakı bütün nöqsanları barışmaz surətdə xırpalayır. Gənc Azərbaycan nəslinin irəliləyən yüyrüşünə yol vermək istəməyən zamanı keçmiş feodal qalıntılarının heç biri onun ölümcül istehzalarından qurtula bilmir. Fəqət Sabirin bu gülüşündə yurdunu candan sevən yurddaş şairin göz yaşları görünür. Sabir yaratdığı ictimai yumor növü ilə türk ədəbiyyatında orijinal bir varlıqdır.
Sabirlə bərabər “firdövsi-ilhamat” şairi Məhəmməd Hadi Şirvani meydana atılır. Bu romantik şairin hürriyyətə olan vurğunluğu onun ən böyük ilham qaynağıdır. O, insanın yaradıcı düşüncəsini boğan adətlərə candan üsyan edər. O, ağlın hər cür mənasız qeydlərdən azadlığını mütləq surətdə tələb edir. Üzü açıq, çarşafsız müsəlman qadını onun gözündə qurtulan bütün Şərqin simvoludur.
Məhəmməd Hadi ilə bərabər Bakıda mərhum Əli bəy Hüseynzadənin idarəsi altında yayınlanan ictimai, ədəbi və siyasi ağır başlı “Füyuzat” məcmuəsi ətrafında başqa şairlər də toplanmış bulunurlar. “Füyuzat”, xalqçı və realist “Molla Nəsrəddin” məktəbinə müqabil, Azərbaycanın idealist və romantik məktəbinin fikirlərinə tərcüman olurdu. Tam o zamankı bir İstanbul şivəsilə yazıldığı üçün fikirləri geniş kütlə arasında “Molla Nəsrəddin” fikirləri ilə rəqabət edəcək bir halda deyildi. Buna müqabil, onun milli düşünür Azərbaycan ziyalıları üzərində buraxdığı təsir böyükdü. Hələ Türkiyə-Azərbaycan mədəniyyət münasibətindəki rolu fövqəladə idi. Türkiyə Tənzimat ədəbiyyatının örnəkləri ilə Azərbaycanı o tanışdırırdı.
Bu dövr əsnasında (1905-1917) Azərbaycan teatro sənətkarlığında da müvəffəqiyyətlər qeyd olunur. Azərbaycan repertuarı həyati və vətəni yeni əsərlərlə zənginləşir. Avropa dramının klassik əsərləri tərcümə olunur. Namiq Kamalın “Vətən”i ilə Şəmsəddin Saminin “Bəsa”sı Azərbaycan səhnəsindən düşmür. Qüdrətli, professional artistlərdən ibarət dram truppaları qurulur. Azərbaycan səhnəsinin ən böyük müvəffəqiyyəti Azərbaycan operasının doğuşudur. 1907-də xalq müəllimi Hacıbəyli Üzeyirə Füzulinin ölməz əsəri “Leyli və Məcnun”u bəstələyərək səhnəyə çıxarmaq nəsib olur. Təcrübənin görülməmiş müvəffəqiyyətlə nəticələnməsindən ürəklənən müəllif çalışmalarına davam edir. Şəxsən Üzeyir və onu təqlid edən başqaları tərəfindən bir sıra yeni musiqili əsərlər yazılır. Eyni Üzeyir bəyin “Arşın mal alan” operettası görülməyən bir müvəffəqiyyətlə taclanır. Qısa bir zaman keçmədən “Arşın mal alan” bütün Qafqasiya dillərinə, çevrilir. O, Bakı, Tiflis və Rəvan səhnələrində eyni müvəffəqiyyətlə təkrarlanır. İran, Türkiyə, Türkistan və Balkan səhnələrindəki təmsilləri də məlumdur. Üzeyir məktəbinin təsis etdiyi Azərbaycan operası, bundan bir az əvvəl rəhmətə gedən banisinin gözü önündə bütün dünyaya əks edəcək dərəcədə operalar, operettalar, simfoniyalar, baletlər və qeyrilərə malik olmuşdur. Klassik mövzulardan “Leyli və Məcnun”la işə başlayan kompozitor, sənət mərtəbəsini böyük xalq dastanı “Koroğlu” operası ilə tamamlamışdır.
Sırası gəlmişkən bunu da qeyd edim ki, Avropa təsiri altında doğan yeni mədəniyyət əsərlərində biz keçmiş Azərbaycan ənənələrinin yeniləndiyinə şahid oluruq. Dram, komediya, iqtibas və tərcümədən ziyadə həqiqi həyat mövzularına və xalq ənənələrinə əhəmiyyət verir. Hekayəçilikdəki dil sadəliyi xalq dastanlarındakı üslubu andırır. Müasirləşən musiqi yaradıcılığı XVI və XVII yüzillərdən bəri Azəri xalqı içində yaşayan mövzular və motivlər üzərinə işlənir. Vaxtilə saz şairləri tərəfindən obalarla oymaqlarda oxunan dastanlar opera səhnəsinin birər məvzusunu təşkil edir. İştə “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Xurşudbanu və “Şah Abbas”, “Leyli və Məcnun”, “Şah İsmayıl” və “Koroğlu” operaları. Bunlar vaxtilə birər məsnəvi və ya dastanlardı. İndi kompozitorlar tərəfindən səhnə texnikinə uydurulmuş, verimli aktyorlarla aktrislər və gözəl səsli xanəndələrin hümmətilə Avropasayağı bir əsər şəklində təmsil olunurlar.
Bu dövr Azərbaycanda yayınlanan qəzetələr sözün müəyyən mənasilə anlaşılacağı şəkildə, sırf günlük hadisələrlə siyasi həyata ayrılmış birər orqan deyillərdi. Bu qəzetələr eyni zamanda mədəniyyət həyatının bütün səhifələrini də idarə və əks etdirirlərdi. 1918-ə qədər Azərbaycan cəmiyyət və mətbuatı üzərində təsir yapan və ədəbiyyatda əkslərini bulan tarixi amil Rusiya ilə bərabər qonşu Türkiyə ilə İranda cərəyan edən məşrutiyyət və hürriyyət hərəkatlarıydı. Azərbaycan mühiti bu hərəkatlardan ilham alaraq milli qurtuluş fikirlərilə canlanırdı. Bu canlanma hərəkatı başda daha ziyadə dini-siyasi fikirlərin təsirində bulunurdu. O dərəcədə ki, türk dili, türk qəzetəsi və türk teatrosu deyiləcəyi yerdə müsəlman dili, qəzetəsi və teatrosu deyilirdi. Fəqət milli oyanış cərəyanı getdikcə təbii məcrasını bulur. Bütün milli müəssisələr kimi mətbuat da milli mədəniyyət motivlərinə keçir. Türkiyədəki məşrutiyyət hərəkatı üzərinə gəlişən milliyyətçilik və türkçülük cərəyanı Azərbaycanda əkslər yapır və nəticədə türk milli şüuru xalqın bütün təbəqələrini bürüyür. Balkan hərbinin zühuru isə bu ruh halətini xüsusilə qabardır. O biri tərəfdən Rusiya çarlığının İran məşrutiyyət hərəkatı üzərində icra etdiyi zülmü dünya ictimaiyyətinin həyəcanına səbəb olur. Bu həyəcana tərcüman olan şair Müznib “Yəbnəl-İvan” dediyi rus hökümətinə yazdığı bir həcviyyə dolayısı ilə Sibiryaya sürülür. Və buradan ancaq yapdığı uzaqgörənlik nəticəsində xilas olur. O, həcviyyəsində imperatorluğun cəzaya uğrayacağını yazmışdı.
Belə həyəcanlı durumda Azərbaycan birinci dünya müharibəsi dövrünə girirdi. 1915-də “Açıq söz” qəzetəsi nəşr olunur. “Türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını başlığı altında dərc edən bu orqan Azərbaycan türkçülərinin fikirlərini yayan bir orqandı. Bu qəzetə artıq milli və mədəniyyət müəssisələrindəki “müsəlman” sifəti yerinə “türk” sifətini işlədirdi. Qəzetənin bu cəsarəti hərbi senzorun etirazına səbəb olmuş və bu üzdən əməlli-başlı müşkilat və mücadilə zühur etmişdi. “Açıq söz” qəzetəsi sadə, öndə gedən ziyalıları ətrafında birləşdirməklə qalmayıb, eyni zamanda zamanın ruhlara hökm edən iki şairini də öz mühərrirləri arasına almışdı. Bunlardan biri “Qoşma” və “Dalğa” şairi Əhməd Cavad, digəri də “Şeyx Sənan”, “Şeyda”, “İblis”, “Siyavuş” və sairə kimi mənzum və “Topal Teymur” kimi mənsur dramlar yazan Hüseyn Caviddir. Əhməd Cavad daha ziyadə heca vəzni ilə lirik parçalar yazır və bu lirizminə eyni zamanda milli və siyasi bir həyəcan qatırdı. Məsələn, azərbaycanlı qardaşın yardımına qoşan anadolulu Məhmədciyin məzarını bu beytlərlə oxşuyurdu:
Qalx, qalx sarmaşıqlı məzar altından,
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə,
Hər gələn yolçuya yol soran əsgər!
Sonradan bir ədib və dramaturq olaraq şöhrət qazanan Cəfər Cabbarlı da ilk məqalələrini bu qəzetədə dərc etdirmişdi (Bu qəzetənin müəssis və naşiri bu konfransı verən Rəsulzadə Məhəmməd Əmin olmuşdur).
Bu dövrdəki Azərbaycan cəmiyyətinin Birinci dünya savaşının sonuna bağlanmış ümidləri vardır. Bu ümidlərə “Açıq söz” qəzetəsinin ilk nüsxəsində basılan baş məqaləsi bu sürətlə tərcüman olurdu:
“Dəhşətlərinə şahid olduğumuz böyük müharibə, böyük bir həqiqəti, əsrimizin milliyyət əsri olduğunu isbat etdi.
Dünyanın xəritəsi qəribə dəyişəcək – deyə heyrətlə qarışıq bir cümlə indi bir çox ağızlardan eşidilməkdədir. Dünya xəritəsinin alacağı yeni şəklə vətəndaşların fədakarlığı, dövlətlərin təşkilatı və orduların əzəməti ilə bərabər, heç şübhə yoxdur ki, aşkarlıq və möhkəmlik peyda etmiş milliyyət məfkurələrinin də böyük təsiri var və olacaqdır.
Özünü lüzumunca bilib də istiqbal üçün müəyyən bir ideal (məfkurə) bəsləyən millət, şübhəsiz ki, böyük bir qüvvət təşkil edər. Şübhəsiz ki, sözün tam mənasilə alçalacaq qədər topların hakim olduğu hərb meydanlıarında təsirsiz qalmayan bu qüvvət yaşıl mahudlu (çuxa) barışıq masası üzərində də əsaslıca bir təsir yapacaq.
Hər hankı qalib tərəf az-çox uzun bir dinclik vücudə gətirmək istərsə, əsrin vicdanları üzərində ən çox təsir icra edən qüvvəti-milliyyət məfkurəsinə göz yuma bilməz! Bunun belə olacağı arabir gələcək sülhü haqqında söz söyləyən Avropa mütəfəkkirlərincə də təsdiq olunmaqdadır. Sülhüyyuna (barışçılar) mənsub siyasilərcə milliyyət əsasına riayət etmiyəcək millətlərin hüququnu gözətmiyəcək bir sülh müahidənaməsi çox çəkməz, yırtılır və uzun bir dinclik təmin edəmməz.
Təbii haqqları payimal olmuş tək bir millət daima qaldıqca Avropa dövlətlərinin tarazlığı həqiqi və uzun çəkən bir sülh üzü görməkdən məhrum qalacağı kimi, öz vətəndaşları arasında ögey-doğmalıq (özgəlik-özlük) göstərən bir dövlət də həqiqi bir qüvvətə dayanamıyacaq, mütərəqqi və qüvvətli bir təşkilata malik olmayacaqdır.
Demək ki, müəyyən bir məfkurəyə və əksər fərdlərincə tanınmış bir qayeyi-əmələ malik olan millətlər, dövlətlər arasındakı münasibətdə əhəmiyyət qazandıqları kimi, dövlətlərin daxili siyasətləri üzərinə də böyük təsirlər icra edəcəklərdir. Bu sürətlə ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün hər şeydən əvvəl özlərini (kəndilərini) bilməli, müəyyən fikir və əməllər ətrafında birləşərək böyük bir məfkurəyə, qayeyi-xəyalə hədəf olacaq o işıqlı ulduza sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə yeni əsaslar üzərinə qurulacaq həyat hesablaşmayacaq və belə bir silahdan məhrum qalan camaatlar kimsəyə söz eşitdirəmmiyəcəkdir!” (2 ekim 1915, № 1).
Bu ana fikri biz Hüseyn Cavidin bu beytlərində buluruq:
Qoşaraq nura cəhli et pamal!
Həp sənindir şərəf, ümid, iqbal.
Şaşırıb durma böylə… bir aydın
İdeal arxasınca qoş, çırpın!
Səni qurtarsa qurtarır birlik,
Çünki birlikdədir fəqət dirilik!
Şair İbrahim Tahir isə artıq milli istiqlaldan açıqca bəhs açaraq: “Yeganə nuhdeyi-amal istiqlali-millətdədir!” – deyir.
* * *
Azərbaycan topluğu belə bir ruh və həyəcanla Birinci Dünya savaşına girir. Hələ 1911-də təşkil və 1917-də təkmil olunub milli proqramla çalışan siyasi bir partiyanın (Milli Azərbaycan “Müsavat” Xalq Partiyası) təlqinləriylə Azərbaycan türklüyü müstəqil bir dövlət qurumuna doğru addımlar atır. Nəhayət hərbin sonlarında Rusiya imperatorluğu çökür və bu fürsətdən istifadə edilir, 31 il əvvəl bu günün bir misli, 28 mayıs 1918-də Azərbaycan Şurayi-Millisi Azərbaycan Cümhuriyyətinin istiqlalını bütün cahana elan edir.
Bayanlar, bəylər! 28 mayıs 1918 Azərbaycan tarixinin ən böyük bir günüdür. Bu gündə türk və müsəlman icmaları içində şərq ilə qərb mədəniyyətlərinin qarşılaşdığı coğrafi bir sahədə gəlişən Azərbaycan mədəniyyəti tarixi seyrinin əhəmiyyətli bir mərhələsinə varmışdır. Yüz il əvvəl Rusiya çarlığının idarəsinə ayrı-ayrı xanlıqlar şəklində keçən Azərbaycan indi yekparə bir mədəniyyət varlığı və millət birliyi halında yenidən dünyaya doğulurdu. Seçdiyi hökümət şəkli ilə o, sadəcə Azərbaycan deyil, bütün türk və islam dünyasında bir yenilik göstərirdi - Cümhuriyyət qururdu. Beynəlmiləl demokratiya prinsiplərinə dayanaraq qurulan bu cümhuriyyət mavi, qırmızı, yaşıl – üç rəngli bayrağı ilə Azərbaycan mədəniyyət ənənələrinin bir xülasəsini rəmzləndirirdi. Mavi rəng – türklüyün, yaşıl rəng – islamlığın, qırmızı rəng də çağdaşlığın əlamətidir. Vaxtilə “Füyuzat” məcmuəsinin fazil mühərriri “türk qanlı, islam imanlı və firəng qiyafətli olalım” – demişdi. Sonra türkçülüyün böyük filosofu Ziya Göyalp bu üçəm ümdəni daha elmi bir üslubla işləmiş və eyni şüar, dediyimiz kimi, sonra “Açıq söz” qəzetəsinin başlığı altında bulunmuşdur.
Bütün Qafqasiya ilə bərabər Azərbaycan Cümhuriyyəti də bolşevizmin dəmir pərdəsi arxasına alındıqdan sonra məmləkətin siyasi coğrafiyası kimi mənəvi mədəniyyət mühiti də dəyişmişdir. Burada rol oynayan tarixi mədəniyyət amilləri normal seyrlərindən qalmış, rus kommunizmi ilə totalitarizminin böyük əngəlləri ilə qarşılaşmışlardır. İndi orada rəsmən hakim olan mədəniyyət idealı “Böyük rus milləti ilə birləşmək” idealıdır. Fəqət 28 mayıs 1918 tarixində milli və mədəni istiqamətini almış istiqlal dövründə gediləcək mədəniyyət yolunu bəlləmiş bulunan Azərbaycan bu istila basqısı altında belə həqiqi yolundan çıxmamış, var qüvvətilə varlıq mücadiləsinə davam etmiş və edir. Bunu isbat etmək üçün 31 ildən bəri bolşevik rejimi altında bulunan Azərbaycandakı milli mədəniyyət olaylarını gözdən keçirmək gərəkdir ki, bu mövzuya ayrıca bir konfrans ayırmaq istər. İndilik bu qədər qeyd edim ki, 31 ildən bəri orada türk, müsəlman və Qərb mədəniyyət dünyasının bildiyi mədəniyyət dəyər və idealları ilə kommunist dəyər və fikirləri arasında amansız bir mücadilə vardır. Bu mücadilə indiki halda bütün dünya ölçüsündə gedən böyük mücadilənin bir parçasıdır.
Bu günlərdə türkcə qəzetlərə əks edən bir məqaləni bəlkə də çoxunuz görmüşdür. Sovetlərdə indi müdhiş bir rus-bolşevik şovenliyi zühur etmişdir. Rus mədəniyyət ölçülərini mütləq surətdə qəbul etməyənlər buna müqabil millətlərarası mədəniyyət dəyərlərini qiymətləndirənlər kosmopolitizm ilə ittihat olunur və yaxanı NKVD-nin əlinə verirlər. Dünən “nasionalist” deyə təqib olunanlar bu gün “kosmopolit” deyə cəzalandırılırlar. Sovet qəzetlərindən nəql olunan məlumata görə Rusiyanın özündə ədəbiyyat, elm, sənət və musiqi sahələrinə mənsub bir çox insanlar bu kosmopolitizm ilə suçlandırılaraq mövqelərindən atılmış və meydandan qaldırılmışlardır. Eyni müdhiş dalğa Azərbaycana da sirayət etmiş. 24 mart 1949 tarixli “İzvestiya” qəzetəsi Sovet musiqisinin formalizm ilə modernizmə itaət etməsini istəyənlərə hücum edir, sonra da Ozolevets adında birisini “Azərbaycan kompozitorlarını ruslaşmaq və bu curətlə qeyb olub ortadan getməmək üçün rus musiqi mədəniyyətinin ənənələrini təqib etməməyə” təşviq etdiyi üçün xırpalıyır və onu “utanmaz füzul” deyə təhqir edir. Eyni zamanda 16 mart 1949 tarixli “Literaturnaya qazeta”da isimləri çəkilən bir sıra azərbaycanlı ədib və mühərrirlərinin hələ “Füyuzat” məcmuəsi ənənələrinə bağlanıb türkçülük və müsəlmançılıq yaparaq Avropa romantizmindən ilhamlı olduqları şiddətlə tənqid olunur.
Bayanlar, bəylər! Demək, mücadilə davam edir və tariximizdən qüvvət alan mədəniyyət ənənələri bütün zorluqlar və güclüklərə rəğmən hələ canlılıq göstərir. Müzəffər olacaqları şübhəsizdir. Çünki getdikləri yol təbiidir, çünki bu mədəni dünyanın yürüdüyü mədəniyyət və tərəqqi yoludur. Son ucu, zəfər onun – üç rəngli istiqlal bayrağının, Milli Azərbaycan Türk Demokratik Mədəniyyətinindir!..
Məhəmməd Əmin Rəsulzadə
Bobi (Monday 20 June 2011-1), janim_vatanim (Wednesday 22 June 2011-1), tarkan (Wednesday 22 June 2011-1), yurd sevan (Tuesday 21 June 2011-1)