ULU SEVGİ
Ulu sevgisidir məcnun könlümün
İlahi bir Leyli Azərbaycanım.
Dünyada ərdəmli yurddaşlarından
Olmayıb gileyli Azərbaycanım.
Böyük bir ulusun böyük yurdudur
Quzeyli, güneyli Azərbaycanım !
1984.
Haraya getsək oğul, ünvanımızdır bu vətən,
Bir ömür dastanımızdır bu vətən !
Adımızdır, sanızmıdır bu vətən,
Əzəli şöhrətimizdir, şanımızdır bu vətən !
İrsimiz, namusumuz, vicdanımızdır bu vətən,
Duyğular ümmanımızdır bu vətən !
Yağılardan əbədi qorxusu yox, ürküsü yox,
Kim deyir ki, ucalan türküsü yox ?!
Bayrağı al qanımızdır, qanımızdır bu vətən,
Dərdimiz dərmanımızdır bu vətən !
Dilinin zövqünü kimlər bilməz,
Ruhunu, şövqünü kimlər bilməz ?!
Atamızdır, anamızdır bu vətən,
Ulusu eşqi olan loğmanımızdır bu vətən !
Canımızdır, canımızıdır bu vətən,
Can Azərbaycanımızıdır bu vətən !
1980.
ARAZ SAHİLİNDƏ
Yox fərqi keçilməyən dənizdən,
Suçluq görən olmasın bu çayda.
Kimlər bizi ayrı saldı bizdən ?
Qardaşlar o tayda, biz bu tayda.
YURDUNU
Oğullar sevməklə öyünməməli
Ana ulusunu, ata yurdunu.
Gərək insan olan hər şeydən üstün
Sana ulusunu, tuta yurdunu.
Xainlər xaini o kəsdir ki o,
Dana ulusunu, sata yurdunu!
1984.
VAR OLSUN
Yurda xor baxanlar xar olsun, qızım,
Ar olsun onlara, ar olsun, qızım !
Yer üzü üzünə açıq olmasın,
Gen dünya gözünə dar olsun, qızım !
Çıxmasın ölüncə xarabalıqdan,
Bəxtinə bayquşlar yar olsun, qızım !
Yabancı mənliyi, yasaq varlığı
Ölkədən-ölkəyə car olsun, qızım !
Dərmanı olmayan bir dərdə düşsün,
Gecəli gündüzlü zar olsun, qızım !
Qaralsın çırağı bahar çağında
Yolları qor olsun, qar olsun, qızım !
Dili bilməyənin tutulsun dili,
Gözü kor, qulağı kar olsun, qızım !
Ata ocağında, ana dilində
Danışan oğullar var olsun, qızım!
1984.
ANA SÖZÜ
İlk səsimiz, ilk sözümüz Anadır,
Günəşimiz, gündüzümüz Anadır.
Ana sözü başdan-başa xeyirdir,
Ana sözü musiqidir, şeirdir.
Ana sözü nə səmimi, nə dadlı!
Ana sözü könül kimi qanadlı!
Həyatımız, nəfəsimiz Anadır,
İlk sözümüz, ilk səsimiz Anadır.
1985.
BABAMIN DEDİKLƏRİ
Babam yanvar ayına
Ocaq deyərdi, Xəndan !
Babam ocaq sözünü
Əzizləyərdi, Xəndan !
Bizə nağıl deyərdi
Hər gün ocaq başında,
Ocaqda hiss edərdi
Özünü dağ başında.
Canıma yayılardı
Ocaqbaşı türkcəsi,
Nə doğma, nə sevimli,
Nə dadlıydı ləhcəsi !
Deyərdi ki, heç nəyə
Dəyişmərəm ocağı,
Ocaq ulus türküsü,
Ocaq ulus qucağı !
Söylərdi: manqan nədir,
O ayrı, ocaq ayrı,
Ocaqdan ayrı olan
Yurddan olacaq ayrı.
Ocağın kökü torpaq,
Manqan ocağa dönməz,
Manqan bir günlük yanar,
Ocağın odu sönməz.
Söylərdi: ocaq nədir,
Ürəklərdlə od demək,
Yurd demək, ulus demək,
Ulus demək, yurd demək !
Bir ocağı qorumaq
Asan deyil, deyərdi,
Ocağı qorumayan
İnsan deyil, deyərdi.
Ocaq indi babamın
Hisslərinin hörgüsü,
Dilinin əzbəriydi
Ocaqbaşı türküsü.
Babamın dedikləri
Çıxan deyil başımdan,
Babamın dedikləri
Pozulmaz yaddaşımdan!
1984.


LinkBack URL
About LinkBacks




Reply With Quote