Həsən bəy Zərdabi (miladi 1837-1907) — Azərbaycanın maarif mücahidi, görkəmli ziyalısı, Moskva Universitetini (Daneşqahını) bitirən ilk müsəlman türk məzun, Azərbaycanda ilk universitet təhsilli alim və müəllim, islam aləminin ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının (Avropai məktəbxanasının) ilk müsəlman türk müəllimi (1869-cu il), Azərbaycanda və bütün müsəlman Şərqində xeyriyyəçilik hərəkatının banisi və "Cəmiyyəti-Xeyriyyə"nin qurucusu (1872-ci il), 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan türk dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimidir. Həsən bəy öz qiymətli həyatını millətimizin savad alması və maariflənməsinə sərf etmişdi. O, Azərbaycanda ilk qızlar gimnaziyasın açılmasının təşəbbüskarı, təşkilatçısı, 1906-cı ildə Bakıda Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri olmuşdur. Həsən bəy Azərbaycan mətbuatının banisidir. O ana dilimizdə Azərbaycan milli mətbuatını yaradmış və miladi 1875-1878-ci illərdə "Əkinçi" adında Rusiyada ilk turkdilli qəzeti (ruznaməni) nəşr etmişdi.
Həsən bəy Zərdabi tariximizin ən qaranlıq günlərində ana dilimizin yaşaması uğrunda, milli varlığımız və diriliyimiz uğrunda mücadilə edən bir maarif qəhrəmanıdır. Bu böyük ziyalımızın millətimizə etdiyi nəsihətləri dinləmək, onun yolunu və işini davam etdirmək bütün Azərbaycan vətənsevərlərinin borcudur.
“Əkinçi” qəzetindən (1876-cı il, 13 may)
DAXİLİYYƏ
Vamberi isimdə bir alman ki, müsəlman vilayətlərində çox səyahət edib, indi “İslam” adlı bir kitab inşa edib, o vilayətlərin yerlərini, əhalini, onların adətlərini və qeyrə yazıb elm təhsil etmək barəsində deyir:
“Məğrib, yəni xaçpərəst vilayətləri, və Məşriq, yəni islam vilayətləri, elm təhsil etməyə qeyr tövr baxırlar. Məğrib səy edir ki, elm xalqa bəyan olsun və hər kəs elm yolu ilə iş tutsun ki, ziyadə mənfəət tapsın. Amma Məşriq elm yollarını xalqdan gizdin saxlayır. Lakin islam bina olan vaxtda Məğrib ilə Məşriqin belə təfavütü olmayıb. O vaxtlar həzrət xəlifələr və hər təvanə kəslər öz ehsanına məscid və məktəbxanalar bina edərlər idi ki, xalq elm öyrənsin. Ona binaən o vaxt islamda olan hükəmalar heç bir məmləkətdə yox idi.
Elə ki, xəlifələrin yerində sultanlar, şahlar, xanlar əyləşdi və xalqın ipi ruhanilərin əlinə düşdü, hökumət əhli öz nəfindən ötrü xalqı gözübağlı saxlamaq üçün məktəbxanalarda ancaq şəriət adablarını, boş sözləri bir-birinə yapışdırıb ibarət ilə danışmağın dalıncan düşüb, xalqı yoxsul və sərgərdan edib özləri kef və ləzzəti-dünyaya məşğul oldular və nəinki özləri təzədən xalq üçün məktəbxanalar açmadılar, hətta onlar məktəbxanalarda mollalıq məsailini araya salıb xalqı elm yolundan uzağa saldılar.
İndi Məşriq-zəmin qoca və xəstədir və ol şəxsə aqil deyərlər ki, o ibarət ilə danışdığı sözləri başa düşmək olmasın və bu aqil kəslər deyirlər elm cəvahiratı hər şeydir. Necə ki, cəvahiri çölə atanda hər kəsin əlinə asanlıq ilə düşdü genə qiymətdən düşər, habelə kamallı sözləri vazeh danışanda onu hər kəs başa düşər, ona binaən söz biməqdur olur.
Bu tövr ilə 500 ildən ziyadədir ki, islam zülmətə qərq olub, elmdən və dünyadan bixəbər olduğuna yoxsulluqdan mürur ilə tələf olur”.
Əgərçi Vamberinin zikr olan kəlamı düşmən sözüdür, amma yaxşı olurdu ki, onu oxuyanlar fikir ilə oxuyaydılar.


LinkBack URL
About LinkBacks




Reply With Quote